Azərbaycan Hava Yollarının www.azal.az domen adlı İnternet resursunun monitorinqini Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin www.azal.gov.az İnternet saytı işləmədiyi üçün həyata keçirməli olduq. Çünki əslində sonuncu bizə lazım olan sayt idi. Ancaq anlaşılan odur ki, elə hər iki ünvan eyni qurumun eyni saytını nişan verir və bu baxımdan biz də birincini diqqətdən keçirdik. Bir hava yolları şirkəti üçün sayt yaxşı təsir bağışlayır. Ancaq bir dövlətə aid struktur vahidi olaraq saytda çoxlu çatışmazlıqlar var. Misal üçün, saytda qurumun rəhbəri haqqında belə bilgi yoxdur. Başqa bölmələr üzrə də bilgilər kasaddır. Bütün bunlarla bərabər sayt funksionallıq və interaktivlik baxımından yaxşı durumdadır. Ümumi mənzərə isə aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər bölməsində yalnız onun tarixi barədə danışılır. Ona hazırda və daha öncə başçılıq etmiş şəxslər barədə heç bir bilgi verilmir. Eyni zamanda, onun səlahiyyət çərçivələri, qanunverici bazası və hakimiyyət qolunda yeri haqda da heç bir bilgi verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi və xüsusi telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq ünvanın marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.
3. Qurumun struktur vahidlərinin sxemi verilməyib. Bununla belə bütün alt bölmələr haqqında qısa bilgi verilib. Daha doğrusu onların ünvanları və əlaqə vasitələri haqqında bilgi var. Struktur vahidlərinin rəhbərləri haqqında isə heç bir bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər verilməyib. Təbii ki, onlarla birbaşa əlaqə imkanları da göstərilməyib. Yalnız qurumun özü və struktur bölmələri ilə ümumi əlaqə imkanlar təqdim edilib.
5. Cari informasiyalar məsələsində sayt o qədər də çevik deyil. Ən sonuncu informasiya 2 mart 2011-ci il tarixinə aiddir. Halbuki biz monitorinqi keçirdiyimiz zaman aprelin 1-i idi. Bununla belə quruma aid olan hər cür başqa informasiya təqdim edilir. Saytda qurumdaxili əmr və sərəncamlar, onların reyestri yoxdur. Daha bir çatışmazlıq isə onun icra etdiyi proqram və layihələr barədə bilgilərdir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər isə təqdim edilmir.
7. Qurumun təklif etdiyi xidmətlər haqqında bilgi yetərli şəkildə təqdim edilir. Həm də onlardan istifadə haqqında bilgi verilir. Ancaq əlavə xidmətlər və onlardan istifadə barədə heç nə deyilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər də təqdim edilmir.
11. Təəssüf ki, tender və yarışmalar barədə də heç bir bilgi yoxdur.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları yetərincə normal dəyərləndirilə bilər. Həm interaktivlik, həm də funksionallıq baxımından sayt yetərlidir. Saytda onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.