Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az domen adlı İnternet saytı faktiki olaraq bizim müşahidə apardığımız ölçülər üzrə çox aşağı səviyyədədir. Yəni 13 bölmədən cəmi 4-ü üzrə bilgi verilir ki, onların da heç də hamısı tam və dolğun deyil. Hətta qurumun rəhbərinin adının və ünvanının olmaması isə doğrudan da təəccüb doğuracaq bir şeydir. Bütün bunlarla bərabər saytda sahəyə aid xeyli faydalı bilgi var. Elə ona görə də saytın təkmilləşdirilməsi üçün aşağıda bəzi təkliflərimizi nəzərə çatdırırıq.
1. Qurum haqqında bilgilərə qurumun özü haqqında, onun tarixi, rəhbəri, qanunverici bazası barədə də bilgilərin əlavə edilməsi lazımdır.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanını, marşrut və sxemini, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi zəruridir.
3. Qurumunun strukturu, strukturunun sxemini, struktur vahidlərinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi vacibdir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərin, həmçinin onlarla əlaqə üçün imkanların təklif edilməsi tövsiyə olunur.
5. Cari informasiyalar məsələsində saytın daha çevik olması gərəkdir. Burada qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməlidir. Həm də qurumdaxili əmr və sərəncamlar, onların reyestri saytda əks olunmalıdır.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilməli xidmətlər haqqında bilgilərin saytda yer alması zəruridir.
8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni sözləri demək mümkündür.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanlarını genişləndirmək, onu daha funksional və çevik hala gətirmək lazımdır. Bundan başqa, saytda onlayn yazışma forması da təqdim edilməlidir.