Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az domen adlı İnternet resursu, təəssüflər olsun ki, heç də yetərincə (hətta minimum səviyyədə belə) ürəkaçan deyil. Saytda qurumun rəhbərinin, yaxud da mətbuat xidmətinin rəhbərinin belə adını tapmaq mümkün deyil. Üstəlik, qurumun ünvanı da verilməyib. Düzdür, məktub yollamaq üçün poçt qutusunun ünvanı qeyd edilib. Ancaq ora getmək istəyən vətəndaş qurumun harada yerləşdiyini müəyyən edə bilməz. Bir sözlə, bu sayt çox acınacaqlı durumdadır. Saytın ümumi görünüşü aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər, açığı, heç də ürəkaçan durumda deyil. Bu bölmənin beş bəndindən yalnız biri üzrə bilgi var: qurumun səlahiyyət çərçivəsi haqqında bilgi təqdim edilir. Qurumun tarixi, rəhbəri, qanunverici bazası barədə bir kəlmə də yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, təəccüblü olsa da verilməyib. Ümumi xarakterli bir telefon və faks nömrəsi, bir də e-poçt ünvanı verilib.
3. Qurumun struktur vahidləri haqqında heç bir bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında heç bir bilgi təqdim edilmir.
5. Cari informasiyalar məsələsində sayt elə də fərqlənmir. Son informasiya bu ilin mart ayının 17-nə aiddir. Monitorinq isə aprel ayının 8-i aparılıb. Bununla belə qurumun özünə aid digər informasiyalar saytda yetərli qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi saytda öz əksini tapmayıb.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni sözləri demək mümkündür.
8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bölmədə də müşahidə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək olar.
11. Təəssüf ki, tender və yarışmalar haqqında da heç bir bilgi əldə etmək mümkün deyil.
12. Növbəti boş bölmə isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır
13. Saytın texniki imkanları elə də yüksək dəyərləndirilə bilməz. Əks əlaqə üçün onlayn forma yoxdur. Ancaq abunə imkanı təklif edilir.