Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı İnternet resursu olduqca çevik, dolğun və bir çox bölmələr üzrə tamdır. Ancaq bununla bərabər bəzi bölmələr üzrə bilgilər ümumiyyətlə yoxdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sayt e-xidmətlər məsələsində digər saytlardan xeyli irəli gedə bilib. Faktiki olaraq sahəyə aid bütün xidmətlər sayt üzərindən – e-formada həyata keçirilə bilir. Bu isə e-hökumət quruculuğu baxımından olduqca vacib məqamdır. Ümumi rəyimiz ondan ibarətdir ki, sayt bir sıra bilgi çatışmazlığına baxmayaraq yaxşı təsir bağışlayır. Saytın görünüşü isə aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, bütün gərəkli bilgilər toplanıb. Burada yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yetərsizliyi var.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri həmçinin yerləşdiyi ünvanın marşrut və sxemi göstərilib. Əlavə olaraq e-poç ünvanı və onlayn müraciət forması da var. Ancaq bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun struktur vahidləri haqqında sözlü bilgi verilməsinə baxmayaraq qurumun strukturu sxem olaraq təqdim edilmir. Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər təqdim olunur. Onlarla əlaqə üçün ümumi imkanlardan istifadə etmək lazımdır. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər sırasından yalnız qurum sədri haqqında bilgi verilir. Başqa heç bir şəxs barədə bioqrafik bilgilər yoxdur. Əks əlaqəyə gəlincə bütün vəzifəli şəxslərlə ümumi əlaqə vasitələri ilə əlaqə saxlamaq olar.
5. Cari informasiyalar məsələsində sayt olduqca çevik və dolğundur. Bu sahədə demək olar ki, heç bir çatışmazlıq müşahidə edilmir. Bununla belə, qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgi təqdim edilmir. Ancaq qurumun icra etdiyi proqram və layihələr barədə bilgilər verilir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər demək olar ki, saytın məğzini təşkil edir. Burada qurumun təklif etməli olduğu bütün xidmətlər və onlardan istifadə yolları barədə yetərincə bilgi verilib.
8. Təəssüf ki, işə qəbul qaydaları, boş iş yerləri haqqında bilgilər təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.
10. Vətəndaşların qəbul günləri və saatları təqdim edilir. Həm də qurumda qəbulla bağlı qısa arayış verilir. Ancaq qəbuldan imtinanın əsasları və mübahisələrin həlli yolları barədə bilgi yoxdur.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Növbəti boş bölmə qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları xüsusən də e-xidmətlər baxımından çox yüksək dəyərləndirilə bilər. Burada abunə (RSS) və onlayn yazışma forması da təklif edilir.