Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az domen adlı İnternet resursu özünün texniki imkanları və funksionallığı baxımından yaxşı tərtib edilib. Sayt yetərincə interaktiv hesab edilə bilər. Burada istər qəbula yazılmaq üçün, istərsə də başqa müraciətlər üçün onlayn forma təklif edilir. Həm də qanun layihələrinin onlayn müzakirə imkanı var. Üstəlik Milli Məclisin bütün deputatları və işçi heyəti ilə əlaqə üçün imkanlar təklif edilir. Sayt cari informasiyalar məsələsində də yetərincə çevik hesab edilə bilər. Bununla belə bir sıra bölmələr üzrə saytda bilgi verilməməsi üzücüdür. Xüsusən də şəffaflıq baxımından çox gərəkli olan büdcə və əmək haqları barədə bilgilərin yoxluğu yaxşı hal hesab edilə bilməz. Bir sözlə, sayt həm yaxşı, həm də yarımçıq təsir bağışlayır.
1. Qurum haqqında bilgilər yetərli və dolğundur. İstər onun tarixi, istərsə də qanunverici bazası və səlahiyyət çərçivəsi barəsində bilgilər tam hesab edilə bilər. Yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Bundan başqa ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilir. Ancaq qurumun ünvanının marşrut və sxemi təqdim edilmir.
3. Qurumun struktur vahidləri sxem şəklində təqdim edilməsə də onlar haqqında yetərli bilgi verilib. Həm də əlaqə vasitələri təqdim olunur. Struktur bölmələrinin rəhbərləri haqqında tam olmasa da bioqrafik sayıla biləcək bilgilər təqdim edilir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğun hesab ediləcək qədərdir. Əks əlaqə imkanları da yetərlidir. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər dolğun sayılacaq qədər deyil.
5. Cari informasiyalar məsələsində sayt çevikdir. Həm də dolğundur. Qurumun fəaliyyəti yetərli şəkildə əks etdirilir. Ancaq qurumdaxili əmr və sərəncamlar, onların reyestri, həm də qurumun icra etdiyi proqram və layihələr barədə bilgi verilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də əks etdirilmir.
8. Eyni hal boş iş yerləri və işə qəbulla bağlı bilgilərdə də müşahidə edilir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbul günləri və saatları, həmçinin qəbula yazılmaq üçün onlayn forma da təqdim edilir. Ancaq qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli barədə heç bir bilgi verilmir.
11. Təəssüf ki, tender və yarışmalar haqqında da heç bir bilgiyə rast gəlinmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti daha bir boş bölmədir.
13. Saytın texniki imkanları yüksək səviyyədədir. Sayt yetərincə interaktiv və funksionaldır.