Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet resursunda əvvəlki müşahidələrimizlə müqayisədə xeyli dəyişikliklər edilib. Təbii ki, dəyişikliklər müsbət yöndədir. Sayt funksionallıq və çeviklik baxımından da xeyli fərqlənir. Bundan başqa informasiya dolğunluğu da açıq-aşkar hiss edilməkdədir. Hiss olunur ki, nazirliyin bu sahəyə məsul olan vəzifəli şəxs(lər)i öz işlərinə məsuliyyətlə yanaşır. Ümumilikdə belə demək mümkündür ki, Təhsil Nazirliyinin İnternet resursu əvvəlki illərə nisbətən xeyli inkişaf edib. Bununla belə, saytda bir sıra bölmələr üzrə bilgi çatışmazlığı da nəzərə çarpır ki, bu çatışmazlığın aradan qaldırılması üçün imkanlar qalmaqdadır. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər bölməsində axtardığımız bütün bilgilər demək olar ki, var. Burada qurumun tarixi, səlahiyyət çərçivələri, hakimiyyət qolunda yeri kimi bilgilər də tamdır. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı verilir. Bundan başqa ayrıntılı telefon və faks nömrələri, həmçinin e-poçt ünvanları da təqdim edilir. Burada həm də qurumun ünvanının marşrut və sxemi təqdim edilir. Ancaq quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun struktur vahidləri haqqında sxem verilir. Alt bölmələri barədə də bilgilər verilir. Ancaq struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgiyə rast gəlinmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yalnız nazir və müavinləri əhatə edilir. Struktur bölmələrinin rəhbərləri barədə isə belə bilgilər təqdim edilmir. Əks əlaqə imkanları mükəmməl hesab edilə bilər.
5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğundur. Burada istər mətbuat üçün açıqlamalar olsun, istərsə də digər cari informasiyalar baxımından dolğunluq nəzərə çarpmaqdadır. Üstəlik qurumdaxili əmr və sərəncamlar, qurumun icra etdiyi proqram və layihələr barədə da bilgilər təqdim edilir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı çox cüzi sayıla biləcək bilgilər var. Yəni büdcəyə aid ümumi rəqəmlər təqdim edilir. Büdcənin icrası, ona edilən dəyişikliklər barədə bilgi isə işıqlandırılmır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər əks etdirilir. Lakin pullu xidmətlər və onlardan istifadə yolları barədə bilgi verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbul günləri və saatları verilir. Ancaq qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları barədə isə heç bir bilgi verilmir.
11. Tender və yarışmalarla bağlı elanlar və onların arxivi təqdim edilir. Ancaq tender və yarışmaların sonucları və mübahisələrin həlli yolları barədə bilgiyə rast gəlinmir.
12. Təəssüf ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi verilmir.
13. Saytın texniki imkanları normal səviyyədədir və saytda onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.