Azərbaycan Respublikası Prezidentinin www.president.gov.az domen adlı İnternet saytı çevik və dolğun olmaqla bərabər bir sıra bölmələr üzrə bilgi çatışmazlığı da özünü göstərməkdədir. Sayt əlbəttə ki, çağdaş texnoloji imkanlara uyğun qurulmaqla tələbatlara cavab verəcək səviyyədədir. Ancaq bəzi bölmələr üzrə gərəkli bilgilərin yoxluğu onun tam qiymət almasını mümkünsüz edir. Lakin o da qeyd edilməlidir ki, saytın texniki imkanları bu resursun çox asan bir şəkildə təkmilləşdirilməsi üçün şərait yaradır. Elə ona görə də aşağıda saytın təkmilləşdirilməsi ilə bağlı bir sıra gərəkli sandığımız tövsiyələri təqdim edirik.
1. Qurum haqqında bilgilər bölməsində bu vaxta qədər prezident vəzifəsini tutmuş şəxslər haqqında bilgilərin də əlavə edilməsi yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaqdan ötrü quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi, həmçinin qurumun ünvanının marşrut və sxemi də təqdim edilməlidir.
3. Qurumun strukturunun sxemini də təqdim etmək vacibdir. Struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə də bilgi verilməsi gərəklidir.
4. Rəhbər və digər rəhbər işçilərlə əks əlaqə üçün xüsusi imkanların təklif edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti barədə bilgilər sırasına qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında informasiyaların əlavə edilməsi zəruridir. Bundan başqa qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməsi faydalı olardı.
6. Büdcə ilə bağlı məsələlər haqqında informasiyaların təqdim edilməsi yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərin təqdim edilməsi vətəndaşlar üçün gərəkli olan informasiyalardandır.
8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni sözləri demək olar.
9. Sahə işçilərinin əmək haqlarının təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri barədə bilgilərə qəbulundan imtina və mübahisələrin həlli yolları barədə də bilgi daxil edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin saytda əks olunması faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
13. Saytın texniki imkanları yetərli olduğu üçün burada xüsusi dəyişikliyə gərək yoxdur.