Azərbaycan Respublikası Prezidentinin www.president.gov.az domen adlı İnternet resursu özünün zənginliyi və çevikliyi baxımından yetərincə diqqət çəkir. Saytda ən yeni bilgilər verilir. Həm də bu bilgilər olduqca dolğun və geniş təqdim edilir. Bundan başqa sayt funksionallığı ilə də diqqəti çəkir. Xüsusən də multimedia təchizatı yaxşı səviyyədədir. Bütün bunlarla bərabər saytda bir sıra bölmələr üzrə bilgilərin çatışmadığı da nəzərdən qaçmır. Ən vacib sayılan bilgilərdən işə qəbul və büdcə rəqəmləri haqqında heç nə deyilmir. Halbuki bəllidir ki, bu cür bilgilər ilk növbədə təqdim edilməlidir. Eyni zamanda tender və yarışmalar haqqında heç bir bilginin verilməməsi diqqətdən qaçmır. Özünün müsbət və mənfi yönləri ilə sayt aşağıdakı kimi görünür.
1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, bütün bilgilər var. Çatışmayan yalnız bu vaxta qədər prezident vəzifəsini tutmuş şəxslər haqqında bilgidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanı, həmçinin onlayn müraciət forması verilir. Ancaq quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi və qurumun ünvanının marşrut və sxemi də təqdim edilmir.
3. Qurumun struktur vahidləri haqqında sözlü bilgi verilir. Sxem isə təqdim edilmir. Struktur bölmələrinin rəhbərləri barədə bioqrafik bilgilər də yetərli sayılacaq qədərdir. Ancaq struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgi verilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğundur. Onlarla əks əlaqə üçün xüsusi imkanlar təklif edilməsə də ümumi imkanlar və onlayn müraciət forması yetərli sayıla biləcək qədərdir.
5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğundur. Ancaq əlbəttə ki, burada da çatışmayan məqamlar var. Misal üçün, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında heç bir bilgi verilmir. Bundan başqa qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi təqdim edilmir.
7. Qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da saytda heç bir bilgi əks etdirilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni mənzərə müşahidə olunur.
9. Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə də bilgi verilmir.
10. Vətəndaşların qəbul günləri və saatları təqdim edilir. Bundan başqa qurumda vətəndaşların qəbulu ilə bağlı qısa bilgi təqdim edilir. Ancaq qəbuldan imtina və mübahisələrin həlli yolları barədə heç bir bilgi verilmir.
11. Növbəti boş bölmə tender və yarışmalar haqqındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi verilmir.
13. Saytın texniki imkanları yüksək səviyyədədir. Abunə imkanı da təklif edilir. Bundan başqa onlayn yazışma forması da var.