Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az domen adlı İnternet resursu öz sahəsi ilə bağlı gərəkli bilgilərin dolğunluğu baxımından yaxşı dəyərləndirilə bilər. Burada dövlətin pul siyasəti ilə bağlı bütün gərəkli bilgilər yer alıb. Bundan başqa saytı çevik və funksional da hesab etmək olar. Xüsusən də rəhbər işçilər haqqında geniş bioqrafik bilgilərin verilməsi diqqət çəkən məqamlardandır. Ancaq bütün bunlar o demək deyil ki, sayt yetərincə yüksək qiymət alacaq durumdadır. Çünki bir sıra bölmələr üzrə bilgilər ümumiyyətlə yoxdur. Başqa bölmələrdə isə bilgilər sadəcə olaraq dolğun və tam deyil. Bir sözlə, Mərkəzi Bankın İnternet resursunun yaxşı cəhətləri ilə yanaşı çatışmayan yönləri də vardır. Saytın ümumi görünüşü aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, bütün gərəkli bilgilər yer alıb. Qurumun tarixi, qanunverici əsasları, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri yetərincə geniş işıqlandırılır. Burada çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, marşrut və sxemi, telefon və faks nömrələri, gərəkli e-poçt ünvanları təqdim edilir. Ancaq onlayn müraciət forması və quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun struktur vahidləri sxem şəklində və həmçinin də sözlü olaraq təqdim edilir. Bundan başqa struktur vahidlərinin ünvanları və onlarla əlaqə vasitələri göstərilir. Ancaq struktur vahidlərinin səlahiyyət çərçivələri barədə bilgi verilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğun şəkildə təqdim edilməsi ilə yanaşı bir sıra struktur vahidlərinin təmsilçiləri barədə də bu cür bilgilər verilir. Əks əlaqə üçün yetərli sayıla biləcək qədər bilgi də saytda yer alır.
5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğun hesab edilə bilər. Həm də burada quruma aid olan xeyli informasiya yer alıb. Bununla belə qurumdaxili əmr və sərəncamlar, onların reyestri saytda gözə dəymir. Həm də qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı isə heç bir bilgi təqdim edilmir.
7. Qurumun təklif etdiyi xidmətlər barədə bilgilər təqdim edilir. Ancaq pullu xidmətlər və onlardan istifadə üsulları barədə bilgi verilmir.
8. Təəssüf ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər əks etdirilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni mənzərə müşahidə olunur.
10. Vətəndaşların qəbul günləri və saatları barədə bilgi verilir. Lakin qəbul qaydaları, qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları barədə bilgi yoxdur.
11. Tender və yarışmalar haqqında elanlar və onların arxivi saytda yer alıb. Ancaq tender və yarışmaların sonucları, mübahisələrin həlli yolları barədə bilgi verilmir.
12. Növbəti boş bölmə isə vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındadır.
13. Saytın texniki imkanları normal hesab edilsə də burada abunə və onlayn müraciət forması təklif edilmir.