Azərbaycan Milli Elmlər Akademiyasının www.elm.gov.az domen adlı İnternet resursu, saytda da bildirildiyi kimi 1995-ci ildə ölkədə qurulan ilk belə resurs olması baxımından təqdirəlayiqdir. Xüsusən də nəzərə alsaq ki, bu sayt məhz ölkənin ən böyük elm mərkəzi tərəfindən qurulub, onda onun əhəmiyyəti iki qatına artmış olar. Saytda müşahidə zamanı bir sıra bölmələr üzrə lazımlı bilgilərin tam və dolğun şəkildə təqdim edildiyi aşkar edilmişdir. Ancaq təəssüf ki, bunu bütün bölmələr üzrə demək mümkün deyil. Çünki bir çox bölmələrə aid edilə biləcək bilgilər ümumiyyətlə yoxdur. Misal üçün, büdcə bilgiləri, yaxud da vətəndaşların qəbulu ilə bağlı bilgilər bu qəbildəndir. Ümumiyyətlə isə saytın görünüşü aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər bölməsində demək olar ki, bütün gərəkli bilgilər yer alır. Buradakı beş bəndin beşi üzrə də bilgilər tamdır. Hətta quruma daha öncə başçılıq etmiş şəxslər barəsində də dolğun bilgi verilir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, marşrut və sxemi verilir. Həm də e-poçt ünvanları təqdim edilir. Çatışmayan yalnız ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgidir.
3. Qurumun struktur vahidləri haqqında sözlü bilgi verilsə də sxem təqdim edilmir. Struktur vahidləri rəhbərlərinin adları və onlarla əlaqə vasitələri də təqdim edilir. Ancaq səlahiyyət çərçivələri barədə bilgi verilmir.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər tam və dolğun sayıla biləcək şəkildə təqdim edilir. Həmçinin əks əlaqə imkanları da yetərli sayıla biləcək qədərdir.
5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğun hesab edilə bilər. Lakin qurumdaxili əmr və sərəncamlar, onların reyestri, icra edilən proqram və layihələr barədə ayrıca bilgi təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı isə heç bir bilgi təqdim edilmir.
7. Qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da bilgi verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni mənzərə müşahidə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda öz əksini tapmayıb.
10. Növbəti boş bölmə isə vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındadır.
11. Eyni sözləri tender və yarışmalar haqqındakı bilgilərə də şamil etmək mümkündür.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları normal dəyərləndirilə bilər. Burada abunə (RSS) imkanı da təklif edilir. Ancaq onlayn müraciət forması yoxdur.