Azərbaycan Respublikası Prezidentinin www.president.gov.az ünvanlı İnternet saytı elə ilk baxışdan yetərincə zəngin bir resurs təsiri bağışlayır. Sayt yaxşı qurulub və naviqasiya imkanları əladır. Burada istənilən informasiyaya giriş olduqca rahatdır və hətta hazırlıqsız istifadəçilər belə ondan asan şəkildə istifadə edə bilərlər. Özəlliklə də cari informasiyalar baxımından sayt olduqca çevikdir. Bununla belə bəzi bölmələr üzrə bilgilər ya yoxdur, ya da tam deyil. Bu sıradan büdcə bilgiləri, əmək haqqı, işə qəbul kimi məsələləri qeyd etmək olar. Elektron xidmətlər və ya ümumiyyətlə xidmətlər məsələsində də sayt ciddi şəkildə axsayır. Saytın ümumi durumu isə aşağıdakı kimidir:
1. Dövlət qurumu ilə bağlı informasiyalar baxımından sayt demək olar ki, əla durumdadır. Bu bölmədə qurumun tarixi, rəhbərləri və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında əsasnamə öz əksini tapıb.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilib. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyatlar haqqında heç bir məlumat təqdim olunmur.
3. Qurumun strukturu haqqında bilgilər bölməsində qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əks əlaqə imkanlar, struktur bölmələrinin dəqiq ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar sayta əks olunub. Ancaq çatışmayan qurumun strukturunun ümumi sxemidir
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları baxımından sayt yüksək səviyyədədir.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiyalarda mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiyalar verilsə də qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqında heç bir məlumat verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi haqqında saytda heç bir bilgi yoxdur.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər bölməsində isə yalnız onlayn müraciət imkanı təklif edilir. Digər göstəricilər üzrə heç bir bilgi yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə saytda heç bir bilgi əks etdirilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də hər hansı bilgi verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri saatları bölməsində isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər ətraflı şəkildə təqdim olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir bilgi verilmir.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında isə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv bilgiləri təqdim olunur.
13. Saytın texniki imkanları mükəmməldir və bu bölmədə mümkün olan bütün imkanlar təklif edilir.