Monitorinqin icmal hissəsində Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi çox kəsaddır. İcmalda da qeyd etdiyimiz kimi sayt görünüş baxımından yaxşı tərtib edilib. İnformasiya ilə işləmə baxımından və əsas bilgilər baxımından çatışmazlıqlar çoxdur. Elə buna görə də saytın təkmilləşdirilməsinə ciddi ehtiyac var. Saytın təkmilləşdirilmə imkanlarını nəzərə alaraq aşağıda bir sıra tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma başçılıq edən və daha öncə də başçılıq etmiş şəxslər barədə də bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı vəzifəli şəxslər haqqında da bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.
5. Cari informasiya ların daim yenilənməsi zəruridir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi verilməsinə gərək duyulur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması faydalı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgiləri daxil etmək gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər sırasına əlaqə vasitələrinin də əlavə olunması yaxşı olardı.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi yaxşı olardı.