Ağcabədi Rayon İcra Hakimiyyəti www.agcabedi-ih.gov.az domen adlı İnternet resursu ilkin görünüş baxımından zəngin sayt təəssüratı yaratsa da bir çox önəmli bilgilərin çatışmadığını ilkin addımlardan görmək mümkün olur. Ən əsası saytda qurum haqqında bilgilərin təqdim edilməməsi nəzərə çarpır. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:
1. Rayon haqqında əks olunan bilgiləri yetərli saymaq olar. Lakin qurum haqqındakı bilgilər barədə belə demək mümkün deyil. Çünki qurum haqqında olan məlumat icra hakimiyyətinin başçısı haqqındakı tərcümeyi-hal və əsasnamədir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız yazılı müraciət imkanı təqdim olunur. Təqdim olunması vacib olan qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri isə verilmir.
3. Qurumun strukturu haqqında nə strukturun sxemi nə də struktur haqqında sözlü bilgilər təqdim olunmur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında verilən bilgilər sırasında yalnız icra hakimiyyətinin başçısının tərcümeyi-halı və icra başçısı ilə əks əlaqə üçün yazılı müraciət imkanı təqdim edilir. Bu bölmədə nə ayrı-ayrı struktur bölmələrinin rəhbərləri haqqında məlumat nə də, onlarla əks əlaqə imkanları təqdim edilir.
5. Cari informasiyalar baxımından sayt çox geridə qalır. Təqdim olunan informasiyalar arasında tarix fərqləri böyükdür. Həmçinin, qurumda keçirilən dövlət layihələri və proqramları haqqında və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında da heç bir bilgi təqdim olunmur.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bir bilgi təqdim olunmur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da eyni sözləri demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə vəziyyət yuxarıdakı kimidir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı vətəndaşların qəbul qaydaları və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları əks etdirilir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgiyə rast gəlinmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə imkanı təqdim edilmir.