Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az ünvanlı İnternet saytı əvvəlkinə nisbətən bir xeyli zənginləşib və yaxşılığa doğru dəyişib. Bir sıra bölmələr üzrə bilgilər tam olmasa da verilib. Hətta e-xidmətlər bölməsi də əlavə edilib və müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Yaxud da verilən bilgilər yetərli deyildir. Bu isə təbii ki,sayt haqqında hələlik yüksək rəy söyləməyə imkan vermir. Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar təqdim edilsədə, qurumun tarixi, nazirdən başqa digər rəhbər işçilər barədə bilgi verilmir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri təqdim edilir. Lakin e-poçt ünvanları demək olar ki, yoxdur və quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.
3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, qurumun tabeliyindəki informasiya sistemləri barədə də demək olar ki, heç bir bilgi saytda əks etdirilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin bioqrafiyası əks etdirilir. Əks əlaqə imkanları isə yalnız ümumi xarakterlidir. Lakin müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar çox kasaddır. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilər isə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilsə də əlavə xidmətlər barədə və qaynar xətt barədə bilgi verilmir.
8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə eyni sözləri demək mümkündür.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız vətəndaşların qəbul günləri və saatları barədə və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilər əks etdirilmir.
12. Növbəti təqdim edilməyən məlumatlar isə dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanıdır.