Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az ünvanlı İnternet saytı sahə ilə bağlı bilgi içərməsi baxımından olduqca zəngin bir resursdur. Bu saytdan sadəcə sahə işçiləri və ya bu sahənin mütəxəssisləri deyil, məktəblilər, tələbələr və hər kəs istifadə edə bilər. Yəni saytın həm də maarifləndirici tərkibi vardır. Bir çox bölmələr üzrə bilgilər tam və dolğundur. İstifadəsi rahatdır və sayt yetərincə funksionaldır. Bununla belə saytda ən ciddi çatışmazlıq e-xidmətlərin olmamasıdır. Bir çatışmazlıq da burada tenderlər haqqında heç bir bilgi verilməməsidir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar üzrə bilgilər yetərli sayıla biləcək qədərdir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi, və hətta quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər ətraflı şəkildə təqdim edilir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq ünvanları, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilir. Burada çatışmayan yalnız qurumun struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə baxımından əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər çatışmır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar təqdim edilir. Burada çatışmayan bilgilər qurumdaxili əmr və qərarlar, onların reyestri haqqındadır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər yetərli sayıla biləcək qədər deyil.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız onlayn müraciət forması və qaynar xətt telefon nömrəsi ətəqdim edilir. Gərkli informasiyalardan qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında isə heç bir bilgi təqdim edilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar saytda əks olunur. Lakin işə qəbulla bağlı komissiyalar haqqında bilgi və boş iş yerləri haqqında elanların arxivi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız qəbul günləri və saatları barədə bilgilər verilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə yalnız elanların arxivi var.
12. Təəssüf ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə rast gəlinmir.
13. Sayt texniki baxımdan yaxşı haldadır. qurumun İnternet resurslarının texniki göstəricilərinin uyğunluğu, əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı və sayt daxilində axtarış təqdim edilir. Lakin abunə imkanı çatışmır.