Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az ünvanlı İnternet saytı, icmal hissədən də göründüyü kimi heç də bizim arzu etdiyimiz kimi “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab vermir. Həm də bir çox bölmələr üzrə ümumiyyətlə bilgi içərmədiyi üçün sadəcə həmin bölmələri zənginləşdirməyə ehtiyac var. Saytın texniki imkanları da elə də yetərli sayıla bilməz. İstifadə rahatlığından isə danışmaq mümkün deyil. Düzdür, bəzi məsələlərdə saytın bilgi zənginliyini qeyd etmək olar. Ancaq bu heç də bütünlükdə resursa aid edilə bilməz. Bununla belə düşünürük ki, bu saytı təkmilləşdirmək imkanları var və ona görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar tam təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələrinin, qurumun ünvanının marşrut və sxeminin və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi gərəklidir.
3. Qurumun strukturu haqqında isə qurumun strukturunun sxemini, struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanlarını, həmçinin onların ünvanları haqqında bilgiləri təqdim etmək lazımdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilən bilgilər struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilərlə bərabər qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda öz əksini tapsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında əks etdirilmiş bigilər sırasına həmçinin qurumun təklif etdiyi əlavə xidmətlər barədə də məlumatlar daxil edilməlidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirlməsi tövsiyə olunur.
9. Eyni sözləri sahə işçilərinin əmək haqları barədə də demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər 2010-cu ilə aid oluğundan yaxşı olardı ki, bilgilər yenilənsin və bütün göstəricilər üzrə məlumatlat təqdim edilsin.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin təqdim edilməsinə ehtiyac duyulur.
12. Daha bir təqdim edilməli məlumatlar qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Sayt texniki baxımdan geri qalır. Bunu üçün də saytın istifadə rahatlığını təmin etməli və texniki göstəriciləri gərəkli səviyyəyə çatdırmaq lazəmdır.