Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti www.celilabad-ih.gov.az domen adlı İnternet resursunu kasad resurslardan adlandırmaq olar. Çünki burada hətta bəsit informasiyalar belə yer almayıb. Və həmçinin sayta nəzarətin yaxşı olmadığını da demək mümkündür. Burada cari informasiyalar bir il bundan öncəyə aiddir. Və bəzi bölmələr varki, adları təqdim edildiyi halda daxilində heç bir məlumat yer almayıb. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında qısa-qısa da olsa məlumatlar verilir. Qurum haqqında isə yalnız qurumun başçısının qısaca bioqrafiyası təqdim edilir. Burada çatışmayan qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun tarixi, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.
2. Qurumun yerləşdiyi ünvan, ümumi xarakterli əlaqə vasitələri (telefon və e-poçt ünvanı) təqdim edilir. Ancaq quruma gəlmək üçün marşrut, ictimai nəqliyyat vasitələri və yerləşdiyi yerin sxemi haqqında heç bir məlumat verilmir.
3. Qurumun strukturunun sxemi təqdim edilir. Lakin qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında heç bir məlumat təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə bölməsi demək olar ki, boşdur. Burada yalnız rəhbərin qısaca bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkanlar haqqında bilgi verilir. Halbuki, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqında bilgilər təqdim edilməsi gərəkli informasiyalardır.
5. Cari informasiyalar baxımından da sayt çox geri qalır. Burada təqdim edilən ən son məlumat 16 noyabr 2011-ci ilə aiddir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) saytda öz əksini tapmayıb.
6. Şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi verilmir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgiyə rast gəlinmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi saytda əks etdirilmir.
9. Növbəti təqdim edilməyən məlumat qurumun işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları haqqında qısaca bilgi və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər öz əksini tapmışdır. Burada çatışmayan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgidir.
11. Daha bir çatışmayan bilgilər qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar haqqındadır.
12. Saytın texniki imkanları normal sayıla bilər lakin burada nə abunə imkanı nə də onlayn müraciət forması nə də abunə imkanı təqdim edilir.