Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az ünvanlı İnternet saytı da bir sıra qurumların saytları kimi artıq işə daha ciddi yanaşmadan xəbər verir. Özəlliklə də e-xidmətlərin geniş çeşiddə təklif edilməsi diqqəti çəkir. Bundan başqa saytın funksionallığı və istifadə rahatlığı da diqqətdən qaçmamalıdır. Bir sır bölmələr üzrə bilgi zənginliyi isə ayrıca qeyd edilməlidir. Bütün bunlarla bərabər saytda çatışmazlıqlar da az deyil. Örnək üçün, büdcə, işə qəbul, tenderlər, əmək haqları barədə bilgilərin yoxluğu heç də gözdən qaçmır. Ümumilikdə isə saytın görkəmi aşağıdakı kimidir:
1. Qurum ilə bağlı informasiyalar təqdim edilsə də burada rəhbərlər haqqında heç bir bilgi yoxdur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları haqqında bilgilər təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyatlar barədə isə bilgilər saytda öz əksini tapmayıb
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər verilir. Burada təqdim edilməyən yalnız qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin dəqiq ünvanlarıdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilsə də burada heç bir bioqrafik bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər tam və dolğun şəkildə əks etdirilir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilər tam və dolğun şəkildə təqdim edilir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə heç bir bilgiyə rast gəlinmir.
9. Eyni sözləri sahə işçilərinin əmək haqları barədə bilgilərə də aid etmək mümkündür.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bütün gərəkli bilgilər tam və dolğun şəkildə təqdim edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir.
12. Növbəti boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları yaxşı tərtib edilib. Burada yalnız abunə imkanı çatışmır.