Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, bir çox göstəricilər baxımından yetərincə dolğundur. Bununla belə saytda çatışmayan yönlər də var və həmin yönlərin aradan qaldırılması, yəni saytın təkmilləşdirilməsi üçün imkanlar da yox deyil. Texniki və tərtibat baxımından saytın elə də ciddi təkmilləşməyə ehtiyacı olmasa da bilgi tərkibi baxımından bu ehtiyac qalmaqdadır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar tam və dolğun şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün faks nömrələrinin, qurumun ünvanının marşrut və sxeminin və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə təqdim edilən bilgilərlə yanaşı struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə imkanları haqqında bilgilərin də təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından da gərəkli bilgilər təqdim edilir. Təqdim edilmiş bilgilər sırasına həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bilgi və uyğun olaraq onlarla əks əlaqə imkanları haqqında məlumatların təqdim edilməsi faydalı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam şəkildə təqdim edildiyindən əlavə tövsiyəyə gərək yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasına dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin də daxil edilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) ilə bağlı qəbul günləri və saatları barədə bilgi ilə bərabər yerdə qalan göstəricilər üzrə də bilgi verilməlidir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə isə elanlar və onların arxivi ilə bərabər digər göstəricilər üzrə də bilgi verilməsi vacibdir.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgi təqdim edilsin.
13. Saytın texniki imkanları yetərli səviyədə olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.