Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti www.gedebey-ih.gov.az domen adlı İnternet resursunda bilgilərin çatışmazlığı nəzərə çarpacaq dərəcədə olsa da üzərində müəyyən işlər aparmaqla zamanın tələblərinə cavab verəcək bir resursa çevirmək mümkündür. Bunun üçün də aşağıdakı bəndlər üzrə tövsiyələrimizi təqdim edirik.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Qurum haqqında bilgiləri də yetərli saymaq olar. O halda ki, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilər təqdim edilsin.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün gərəkli olan qurumun ünvanı, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi vacibdir.
3. Qurumun strukturunun sxeminin dolğun bir hala gətirilməsi, həmçinin struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından gərəkli bilgilər saytda yer alıb. Lakin yer almış bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin əlavə edilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında biliglərin daha müntəzəm təqdim edilməsi lazımdır. Bununla yanaşı yaxşı olardı ki, qurumun həyata keçirdiyi proqram və layihələr, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonun ictimai həyatı haqqında məlumatlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında və qurumdaxili əmr və sərəncamların reyestri haqqında da bilgilər təqdim edilsin.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi gərəkli informasiyalardandır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər sırasına vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin daxil edilməsi yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarından yaxşı istifadə edilməsi və həm onlayn müraciət formasının, həm də abunə imkanının təqdim edilməsi tövsiyə olunur.