Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti www.gedebey-ih.gov.az domen adlı İnternet resursunu görünüş baxımından yaxşı, məzmun baxımından isə normal saymaq olar. Burada əsas bilgilərdən qurumdaxili qərarlar, sərəncamlar, struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilir. Lakin bəzi lazımlı bilgilər isə yoxdur. Bununla bərabər bəzi bölmələrin adları təqdim olunur lakin səhifəyə daxil olduğumuz zaman məlumatın olmadığı məlum olur. Məsələn elektron xidmətlər, bələdiyyələr, banklar və s. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edilir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında ətraflı bilgilər öz əksini tapmışdır. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu haqqında bilgilər təqdim edilir. Lakin quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər və icra aparatı haqqında bilgilər isə yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Lakin, qurumun ünvanı, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi təqdim edilsə də bunu tam bilgi saymaq mümkün deyil. Burada yalnız qurumun strukturunun forması verilir, struktur bölmələri üzrə məsul şəxslərin adları isə qeyd edilmir. Həmçinin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər əks etdirilmir.
5. Cari informasiyalar məsələsində sayt elə də ciddi fərqlənmir. Çünki informasiyalar arasında uzun müddətli fasilələr nəzərə çarpır. Hətta ən son məlumat 20 oktyabr 2011-ci ilə aiddir. Lakin xoş bir haldır ki, qurumdaxili əmr və sərəncamlar təqdim edilir. Təqdim edilməyən informasiyalar isə qurumun həyata keçirdiyi proqram və layihələr, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonun ictimai həyatı haqqında məlumatlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında və qurumdaxili əmr və sərəncamların reyestri haqqındadır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumata rast gəlinmir
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilən yeganə məlumat qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqındadır. Burada çatışmayan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərdir.
11. Təəssüf ki, qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda yer almayıb.
12. Saytın texniki imkanları normal sayıla bilər. Lakin nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.