Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, arzu olunan səviyyədə deyil. Özəlliklə də operativ informasiya baxımından sayt ən azı 15 gün geri qalır. Burada bəzi bölmələr üzrə bilgilər isə ümumiyyətlə gözə dəymir. Saytın ümumi texniki göstəriciləri də yetərli deyildir. Bütün bunlarla bərabər bu resursun təkmilləşdirilməsi imkanları da yox deyil. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum haqqında təqdim edilmiş bilgilərin sırasına rəhbərlər haqqında geniş və ayrıntılı bilgilərin də daxil edilməsi zəruridir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün gərəkli bilgilər dolğun şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.
3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilərlə bərabər yaxşı olardı ki, qurumun strukturunun ümumi sxemi də verilsin.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi zəruridir
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyalarla yanaşı həmçinin qurumdaxili əmr və sərəncamlar və onların reyestri barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur. Və mətbuat üçün açıqlamaların operativ olması lazımdır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bütün informasiyalar dolğun təqdim edilsə də çatışmazlıqlar var. Bu da xidmətlərdən istifadə qaydaları və e-formada təklif edilən xidmətlərin tam və dolğun olmasıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni tövsiyəni söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilərlə yanaşı dövlət qulluqçusunun etika qaydaları haqqında da bilgilərin verilməsi faydalı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivlər barədə bilgilər verilsin.
13. Qurumun internet resursunun texniki imkanlarını və özəlliklə də funksionallığını daha rahat məcraya yönəltmək lazımdır. Burada həmçinin abunə imkanının da təklif edilməsi yaxşı olardı.