Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az ünvanlı İnternet saytı ilk baxışdan qurumun özünün adı qədər uzun domen adıyla diqqət çəkir. Bu isə istifadəçilərin onu yadda saxlamasında problem yaratmaya bilməz. Bununla belə saytda müsbət yönlər də diqqətdən qaçmır. Özəlliklə də e-xidmətlərin ayrıca təqdim edilməsi təqdir olunandır. Düzdür, bu xidmətlər yetərincə dolğun deyil, ancaq hər halda təsnifatlanmış şəkildə təqdim edilməsi müsbət haldır. Saytın bəzi bölmələri üzrə bilgilərin yoxluğu da diqqətdən qaçmır. Daha bir çatışmazlıq isə mətbuat xidmətinin axsayan xidməti ilə bağlıdır. Belə ki, saytın operativ informasiya sarıdan xeyli geridə qaldığı dərhal hiss edilir. Örnək üçün, müşahidə etdiyimiz 5 mart tarixində saytın ən yeni informasiyası 18 fevrala aiddir. Ümumiyyətlə isə sayt aşağıdakı kimi görünür:
1. Qurumu ilə bağlı informasiyalarda qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun rəhbərləri haqqında məlumatlar təqdim edilir. Lakin qurumun rəhbərləri haqqında məlumatlar yetərli deyil.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat) dolğun şəkildə təqdim edilir.
3. Qurumun strukturu haqqında qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər əks etdirilir. Ancaq qurumun strukturunun ümumi sxemi verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar verilir. Lakin əsas rəhbərin və onun müavinlərinin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər barədə heç bir bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar operativ deyil. Həmçinin qurumdaxili əmr və sərəncamlar və onların reyestri barədə bilgilər verilməyib. Quruma aid olan informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgilər əks etdirilir.
6. Qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə isə heç bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və qaynar xətt barədə məlumatlar verilsə də xidmətlərdən istifadə qaydaları və e-formada təklif edilən xidmətlər tam deyil.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə heç bir bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları) bütün bilgilər dolğun şəkildə təqdim edilir. Yalnız dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi isə yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı informasiyalar təqdim edilməyən bilgilər sırasındadır.
12. Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Qurumun internet resurslarının texniki göstəriciləri bir qədər arzu olunan səviyyədə deyil. Həm də burada abunə imkanı yoxdur.