Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az ünvanlı İnternet saytı, hiss edilir ki, heç də ciddi şəkildə inkişaf etdirilmir. Düzdür, saytın tərkibi bir qədər zənginləşib. Ancaq bu heç də o demək deyil ki, bu saytın imkanları arzu edilən səviyyədədir. Bundan başqa, saytın funksionallığı və interaktivliyi də zamanın tələblərinə cavab vermir. Bəzi bölmələr üzrə bilgilər yetərli sayıla biləcək qədər olsa da şəffaflıq baxımından özəlliklə önəm daşıyan bilgilər ümumiyyətlə yoxdur. Örnək üçün, büdcə, tenderlər, əmək haqları barədə heç bir bilgi verilmir. Saytın ümumi görünüşü isə aşağıda təsvir edildiyi kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, rəhbərləri haqqında, qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun əsasnaməsi barədə informasiyalar təqdim edilir. Lakin rəhbərlər haqqında verilmiş bilgilər yetərli deyil.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bütün bilgilər (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat) tamdır.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları barədə bilgilər təqdim edilir. Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan saytda əks etdirilir. Burada çatışmayan ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalardan isə mətbuat üçün açıqlamalar və quruma aid olan informasiyalar verilir ki, bu informasiyalar da yetərli sayılacaq səviyyədə deyil.
6. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə heç bir bilgi saytda öz əksini tapmayıb.
7. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə bilgilər verilir. Ancaq dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilər isə yoxdur.
8. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgiyə rast gəlinmir.
9. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölməsində yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqıında məlumatlar təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə verilmir.
10. Tender və yarışmaların keçirilməsi ilə bağlı hər hansı bir məlumat saytda əks etdirilmir.
11. Təəssüf ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərə rast gəlinmir.
12. Saytın texniki imkanları arzu olunan səviyyədə deyil.