Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org ünvanlı İnternet saytı sahəyə aid bilgilər baxımından zəngin sayıla bilər. Ancaq bu heç də o demək deyil ki, sayt ümumilikdə zəngindir. Çünki bəzi bölmələr üzrə ümumiyyətlə bilgi verilmir. Elə bölmələr də var ki, onların bilgiləri yetərli deyil. Ona görə də saytın hələ bir qədər də zənginləşdirilməsi lazımdır. Başqa tərəfdən, saytın texniki imkanları və funksionallığı da arzu olunan qədər deyil. Örnək üçün, bəzi sənədlər gərəksiz yerə .pdf formatında açılır. Halbuki onları da adi səhifələr kimi rahat açıla bilən şəkildə təqdim etmək olardı. Abunə və əks əlaqə üçün onlayn müraciət formasının yoxluğu da diqqət çəkir. Ümumilikdə isə sayt aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun əsasnaməsi ətraflı şəkildə təqdim edilir. Burada yalnız rəhbərlər haqqında bilgilər tam deyil.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları) verilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.
3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər saytda əks etdirilir. Yalnız struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün bütün bilgilər ətraflı və tam şəkildə təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər verilsə də qurumdaxili əmr və qərarlar və onların reyestri barədə bilgilər təqdim edilmir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə məlumatlar sayta yer alıb. Burada ancaq qaynar xətt telefon nömrəsinə rast gəlinmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında yalnız işə qəbulla bağlı komissiyalar haqqında məlumatlar verilmir. Digər bütün məlumatlar (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi) təqdim edilir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər saytda yer almayıb.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) baxımından demək olar ki, bütün bilgilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları) ətraflı şəkildə təqdim edilir. Ancaq dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur.
11. Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan bilgilərdir.
12. Heç bir bilgi təqdim edilməyən daha bir bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Saytın texniki imkanları normal səviyyədədir. Burada yalnız burada abunə və əks əlaqə üçün onlayn forma çatışmır.