Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti www.imishli-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəngin və faydalı resurslar sırasında deyil. Yaxşı olardı ki, sayta nəzarət gücləndirilsin və məlumat baxımından sayt yenidən qurulsun. Bütün bəndlər üzrə tövsiyələr aşağıda qeyd olunur.
1. Rayon haqqındakı bilgilər normal sayıldığından hələ ki, əlavə bir tövsiyəyə gərk duyulmur. Qurum haqqında isə quruma daha öncə başçılıq etmiş şəxslər barədə, qurum haqqında bilgilərin və qurumun əsasnaməsinin əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsi baxımından isə qurum ilə əlaqə üçün imkanlar zənginləşdirilməlidir. Qurumun yerləşdiyi ünvan, ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi zəruridir.
3. Qurumun strukturu bölməsinə məlumatlar yerləşdirilməlidir. Burada ən azından qurumun strukturunun sxeminin olması vacibdir. Sxemlə yanaşı struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında informasiyaların təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyaların həqiqətən də cari olması və rayonun ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsinə ehtiyac duyulur.
9. Təqdim edilməsi gərəkli olan növbəti bilgilər sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərin isə əks etdirilməsi vacibdir. Burada yerləşdirilmiş iki üç cümləlik bilginin yox vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin, qurumda vətəndaşların qəbul qaydalarının və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarının yer alması zəruridir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.
12. Saytın texniki imkanlarının da yaxşı hala gətirilməsi və bu imkanlar sırasına onlayn müraciət formasının və abunə imkanının təqdim edilməsi tövsiyə olunur.