Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti www.imishli-ih.gov.az domen adlı İnternet resursuna qısacıq bir nəzər salmaqla belə düşünmək olar ki, bu resursa ya nəzarət yoxdur yada ildə bir dəfə nəzarət edilir. Saytın tərkibində faydalı ola biləcək bir bilgiyə rast gəlinmir. Burada ancaq rayon haqqındakı bilgiləri normal saymaq olar. Digər təqdim edilməli informasiyalar isə yox səviyyəsindədir. Bəzi bölmələr (elektron müraciət, elektron xidmətlər, banklar, poçt və rabitə) yaradılsa da daxilində heç bir məlumat yoxdur. Aşağıda bölmələr üzrə saytın informasiya yükü haqqında bilgi verilir:
1. Rayon haqqındakı bilgiləri yetərli saymaq olar. Burada rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında bilgilər öz əksini tapmışdır. Qurum haqqında isə qurumun başçısının bioqrafiyası və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilər isə yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkanlar belə normal təqdim edilmir. Ancaq qurumun telefon və faks nömrələri, e-poçt ünvanı verilir. Nə qurumun ünvanı, nə də quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər verilmir.
3. Qurumun strukturu haqqında isə təəssüflər olsun ki, heç bir bilgi (qurumun strukturunun sxemi, sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri) yoxdur. Burada ancaq bələdiyyələr haqqında qısaca bir bilgi verilir ki, o da normal deyil.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumatlar isə yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş məlumatları təbi ki, cari saymaq mümkün deyil. Çünki ən son informasiya 19 noyabr 2011-ci ilə aiddir. Bununla yanaşı rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgilər də çatışmır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da demək olar ki, heç bir bilgi verilmir. Burada iki-üç cümlədən ibarət bir bilgi verilir ki, onu da yararlı bilgi saymaq mümkün deyil.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanları normal sayıla bilər. Ancaq imkanlar sırasında nə onlayn müraciət forması nə də abunə imkanı var.