Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, bəzi bölmələr üzrə yetərli bilgi içərsə də çox gərəkli başqa bölmələr üzrə heç bir bilgi verilməməsi diqqətdən qaçmır. Bu baxımdan saytın üzərində daha ciddi iş aparılması vacibdir. Əlavə olaraq, saytın funksionallığını və istifadə rahatlığını da yüksəltmək lazımdır. Onun daha interaktiv duruma gətirilməsi, e-xidmətlər bölməsinin gerçəkdən təşkil edilməsi mütləq vacibdir. Müşahidələrimiz nəticəsində bu qənaətə gəldik ki, sayt yetərincə təkmil deyil. Bununla belə, onun təkmilləşdirilməsi üçün imkanlar yetərincədir və bu baxımdan aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş bilgilərlə yanaşı quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilərin də təqdim edilməsi gərəklidir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatların saytda yer alması zəruridir.
3. Qurumun strukturu barədə verilmiş informasiyalarla bərabər struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri haqqında bilgilərin sayta əlavə edilməsinə gərək var.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilməsinə ehtiyac var.
5. Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar, onların reyestri, icra edilən proqram və layihələr barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur. Həmçinin mətbuat üçün açıqlamaların daha çevik şəkildə təqdim edilməsinə gərək var.
6. Qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş məlumatlarla bərabər qurum tərəfindən təklif edilən əlavə xidmətlər və elektron formada təklif olunan xidmətlərin də saytda yer almasına ehtiyac duyulur.
8. Yaxşı olardı ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi kimi bilgilər təqdim edilsin.
9. Eyni sözlər sahə işçilərinin əmək haqları barədə olan bilgilərə də aiddir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun rəhbərinin qəbul günləri və dövlət qulluqçusunun etika qaydaları ilə bərabər digər göstəricilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında) üzrə də ayrıntılı bilgilərin təqdim edilməsi lazımlıdır
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər də təqdim edilməsi lazımlı olan bilgilərdəndir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin verilməsi tövsiyələr sırasındadır.
13. Saytın istifadə rahatlığını və funksionallığını çağdaş tələblərə uyğunlaşdırmalı və abunə imkanı təklif edilməlidir.