Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az domen adlı İnternet resursu ilk baxışdan çox zəngin və digər resurslardan seçilən bir saytdır. Bu resursda həqiqətən məlumat çoxluğu var. Hətta sayt iki dildə təqdim edilir. Ancaq təqdim edilmiş məlumatlar şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan bilgilər sırasında deyil. Məsələn dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları və s. barədə bilgilər təqdim edilmir. Hətta qurumun ünvanı belə verilmir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Rayon haqqında bilgilər digər resurslardan fərqlənəcək şəkildə tam və dolğun verilir. Rayonun xəritəsi, təbiəti, turizmi, tarixi, görkəmli şəxsiyyətləri və s. bilgilər saytda yer alıb. Qurum haqqında qurumun başçısının bioqrafiyası verilir. Quruma daha öncə başçılıq etmiş şəxslər barədə, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu və icra aparatı haqqında bilgilər isə əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün təəssüflər olsun ki, heç ümumi imkanlar belə təqdim edilmir. Burada ancaq onlayn məktub yazmaq imkanı təqdim edilir.
3. Qurumun strukturunun sxemi ətraflı şəkildə təqdim edilir. Ancaq qurumun strukturu haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası və əks əlaqə imkanı, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və rayondan seçilmiş millət vəkili haqqında məlumatlar əks etdirilsə də qurum ilə əks əlaqə üçün imkan, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları təqdim edilir. Təqdim edilməyən informasiyalar isə qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqındadır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgiyə rast gəlinmir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də saytda yer almayıb.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi yoxdur.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumata rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təəssüf ki, heç bir bilgi yoxdur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanlarını yüksək səviyyədə saymaq olar. Burada yalnız abunə imkanı təqdim edilmir.