Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az ünvanlı İnternet saytı əvvəlki illərlə müqayisədə artıq ciddi bir irəliləyişə imza atıb. Bir sıra bölmələr üzrə zəngin və dolğun bilgilərin verilməsi diqqəti çəkir. Bundan başqa saytın funksionallığı və istifadə rahatlığı da nəzərdən qaçmır. Əlavə olaraq e-xidmətlər bölməsi də təqdim edilir. Bunlar saytın müsbət yöndən dəyərləndirilməsi üçün seçdiyimiz bəzi məqamlardır. Lakin saytda çatışmazlıqlar da yox deyil. Elə bölmələr var ki, onlarla bağlı heç bir bilgi verilmir. Elə bölmələr də var ki, verilən bilgiləri tam deyil. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, rəhbəri, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun əsasnaməsi haqda bütün bilgilər verilir. Lakin quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər yoxdur.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün ümimi imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilgi verilmir.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər verilsə də qurumun strukturunun sxemi, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında bilgilər yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə bölməsində yer almış bilgiləri yetərli hesab etmək olar. Burada rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan yer almışdır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və quruma aid olan informasiyalar saytda yer almışdır. Ancaq qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər təqdim edilmir.
6. Qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında olan bilgilər də (qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları) yetərli səviyyədədir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə yalnız dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilər isə verilmir.
9. Sahə işçilərinin əmək haqları bölməsi boşdur. Təəssüf ki, heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Lakin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilər çatışmır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilməsi gərəkli olan bilgilərin (qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri; elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) heç biri saytda yoxdur.
12. Növbəti təqdim olunmayan bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında olan bilgilərdir.
13. Saytın texniki imkanları sırasında çatışmayan tək şey abunə imkanıdır.