Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti www.qaradagh.info domen adlı İnternet resursu həm görünüş həm də bilgi baxımından normal qiymətləndirilə bilər. Saytın görünüşü digər icra hakimiyyətlərinin saytından fərqlənir. Saytda bir çox bilgilər yer alsa da digər resurslarda olduğu kimi bu resursda da informasiya açıqlığı baxımından bəzi bilgilər təqdim edilmir. Ümumilikdə isə, bu saytın durumu aşağıdakı kimidir:
1. Rayon haqqında gərəkli olan bütün bilgilər tam və dolğun şəkildə təqdim edilir. Qurum haqqında qurumun başçısının bioqrafiyası, icra hakimiyyətinin əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilər saytda yer almışdır. Burada təqdim edilməyən ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri təqdim edilsə də strukturun sxemi və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi əks etdirilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilən tək bilgi qurumun rəhbərinin bioqrafiyasıdır. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında rayonun ictimai həyatı haqqında və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgiləri çıxmaq şərti ilə digər bilgiləri (mətbuat üçün açıqlamalar, rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər) yetərli saymaq olar.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da bilgilər əks etdirilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi yoxdur.
9. Növbəti təqdim edilməyən bilgilər qurumun işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında heç bir bilgi təqdim edilməsə də qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında qısaca məlumat verilir ki, bunu da yetərli saymaq olmaz.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanları normal sayıla bilər. Sadəcə olaraq sayt bir az ləng işləyir və abunə imkanı çatışmır.