Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti www.qebele-ih.gov.az domen adlı İnternet resursu çox zəngin və quruluş baxımından digər resurslardan fərqlənən bir saytdır. Burada rayon haqqında qurum haqqında və bundan əlavə sayt ziyarətçiləri üçün faydalı məlumatlar yer almışdır. Lakin bununla yanaşı informasiya aşıqlığı cəhətdən gərəkli olan ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları barədə bilgilərə rast gəlinmir. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:
1. Rayon haqqındakı bilgilər mükəmməl şəkildədir. Buradakı məlumatlar sayəsində hətta rayona getməzdən öncə rayon haqqında ətraflı bilgilər əldə etmək olar. Həmçinin bugünədək monitorinq etdiyimiz heç bir saytda belə geniş məlumatlara rast gəlinməyib. Qurum haqqında isə təəssüflər olsun ki, ancaq dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu haqqında bilgi yer almışdır. Burada nə qurumun başçısının bioqrafiyası, nə quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, nə də icra aparatı haqqında bilgilər yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında və bələdiyyələr haqqında bilgilər əks etdirilir. Çatışmayan yalnız struktur bölmələrinin səlahiyyət çərçivələri haqqındakı bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı bölməni məlumat baxımından biraz kasad saymaq olar. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkan, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı təqdim edilir. Ancaq bir o qədər də məlumat çatışmır. Məsələn, rəhbərin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları yüksək dəyərləndirmək olar. Burada yalnız qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər çatışmır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.
7. Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər saytda əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat verilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanları yüksək səviyyədədir. Burada ancaq abunə imkanı çatışmır.