Azərbaycan Respublikası Qobustan Rayon İcra Hakimiyyəti www.qobustan-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi kasad resurslar sırasındadır. Ancaq bir üstünlük var ki saytın texniki imkanları yaxşıdır. Yəni bu imkanlardan istifadə edərək saytı mükəmməlləşdirmək mümkündür. Elə bunun üçün də aşağıda bəndlər üzrə öz tövsiyələrimizi bildiririk.
1. Nə rayon haqqında nə də qurum haqqında bilgilər yetərli olmadığından hər iki bölmənin zənginləşdirilməsi tövsiyə olunur. Qurum haqqında bilgilərə isə quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilərin, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanununun, icra aparatı haqqında bilgilərin və qurumun əsasnaməsinin təqdim edilməsi tövsiyələr sırasındadır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun ünvanının, qurumun yerləşdiyi ünvanın sxeminin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əks etdirilməsi zəruridir.
3. Qurumun strukturu barədə verilmiş bilgilərin dolğun hala gətirilməsi və struktur bölmələrinin səlahiyyət çərçivələri, struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanları və bələdiyyələr haqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaları təbi ki cari adlandırmaq mümkün deyil buna görə də informasiyaların caniləşdirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də təqdim edilməsi lazımlıdır.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
7. Eyni tövsiyəni qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərin təqdim edilməsi informasiya açıqlığı baxımından təqdim edilməli bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.
11. Təqdim edilməsi gərəkli olan növbəti informasiyalar qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.
12. Saytın texniki imkanları yaxşı dəyərləndirilsə də saytda bundan istifadə edilmir demək mümkündür. Saytın texniki imkanlarından istifadə edərək saytın daha da təkmilləşdirilməsi və abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.