Azərbaycan Respublikası Ali Məhkəmənin www.supremecourt.gov.az ünvanlı İnternet saytı o qədər də zəngin təsir bağışlamır. Saytda bir sıra gərəkli bilgilərə rast gəlincə də bu, heç də o demək deyil ki, bütün bilgilər təqdim edilib. Bir sıra bölmələr üzrə bilgilərin yoxluğu dərhal diqqətə çarpır. Bir sıra göstəricilər üzrə bilgilərin tam olmadığı da nəzərdən qaçmır. Saytın tərtibatında bir balaca qarışıqlıq olsa da istifadəsi elə də çətin deyil. Üstəlik funksionallığı da yetərincədir. E-xidmətlər ayrıca bölmədə təqdim edilib ki, bu da təqdir olunmalıdır. Bu resurs digər resurslarla müqayisədə elə də zəngin təsir bağışlamır. Ümumilikdə isə saytın durumu aşağıda təsvir edildiyi kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza barədə bilgilər tam təqdim edilir. Ancaq qurumun öncəki rəhbərləri haqqında bilgi çatışmır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanının marşrut və sxemi; quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər istisna olmaqla digər bilgilər (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) tamdır.
3. Qurumun strukturu barədə bilgilər də tamdır. Burada qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər yer almışdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan barədə bilgilər tam və yetərli şəkildə təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalarda operativlik yoxdur. Həmçinin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr bardəə bilgilərdə təqdim edilmir. Burada yalnız quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiya barədə bilgilər tam şəkildə verilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və onlayn müraciət imkanları tam şəkildə təqdim edilsə də qaynar xətt nömrəsi və xidmətlərdən istifadə qaydaları barədə bilgilər verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında təəssüf ki, saytda heç bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də hər hansı bilgi verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə dövlət qurumunda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər əks etdirilsə də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlinmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da hər hansı bilgi verilmir.
12. Təqdim edilməyən növbəti bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərdir.
13. Saytın texniki imkanları sırasında isə abunə imkanı yoxdur.