Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəngin bir resurs deyil. Zənginlikdən əlavə faydalı məlumatlar çox azdır. Lakin saytın texniki imkanlarından istifadə edərək saytı faydalı və zəngin bir resurs halına gətirmək mümkündür. Elə bunu nəzərə alaraq saytın təkmilləşdirilməsi üçün tövsiyələrimizi bəndlər üzrə qeyd edirik:
1. Rayon haqqındakı bilgilər yetərlidir və tövsiyəyə gərək yoxdur. Qurum haqında isə rəhbər barədə təqdim edilmiş bilgilərin dolğunlaşdırılması, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin və qurumun əsasnaməsinin isə təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün isə təqdim edilmiş məlumatlar sırasına qurumun yerləşdiyi ünvanın sxemini, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin də daxil edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə verilmiş bilgilər sırasına qurumun strukturu haqqında sözlü bilgilər, qurumun alt bölmələri, yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin də daxil edilməsi yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların günümüzlə uyğunlaşdırılması və operativ hala gətirilməsi, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin təqdim edilməsi və təqdim edilmiş bilgilərin dolğunlaşdırılması tövsiyə olunur.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
7. Eyni tövsiyəni qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərin təqdim edilməsi informasiya açıqlığı baxımından gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların verilməsi yaxşı olardı.
12. Saytın texniki imkanlarından istifadə edilməsi, onlayn müraciət və abunə imkanının da daxil edilməsi tövsiyələr sırasındadır.