Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının www.elm.gov.az ünvanlı İnternet saytı, bir sıra göstəricilərinə, özəlliklə də ölkəmizin ilk İnternet resursu olmasına görə diqqəti cəlb edən resurslar arasındadır.
Saytın bir sıra bölmələri üzrə, özəlliklə də sahəyə aid bilgiləri yetərincə tam və dolğundur. Bundan başqa, qurumun rəhbərləri haqqında bioqrafik bilgilər də yetərincə zəngin sayıla biləcək qədərdir.
Bununla belə, saytda bəzi çox önəmli bölmələr üzrə heç bir bilgi verilməməsi də diqqətdən qaçmır. Örnək üçün, şəffaflıq baxımından çox gərəkli olan büdcə bilgiləri, əmək haqqı, tenderlər haqqında heç nə deyilmir.
Saytın texniki imkanları yetərli sayıla biləcək qədərdir. Funksionallığı və istifadə rahatlığı da öz yerində. Lakin abunə və onlayn müraciət formasının, xüsusən də e-xidmətlərin yoxluğu diqqətdən qaçmır.
Ümumilikdə isə bu resursun durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı bütün informasiyalar təqdim edilir. Qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər tamdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi barədə təqdim edilmiş bilgilər tamdır. Yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgilər verilir. Ancaq qurumun strukturunun sxemi və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar tam və dolğun şəkildə təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya tam şəkildə təqdim edilsə də qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri barədə bilgilər isə tam şəkildə deyil. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da informasiyalara rast gəlinmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Təəssüf ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də heç bir bilgi verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni sözləri demək mümkündür. Burada təqdim edilməsi gərəkli olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə heç bir bilgi verilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə saytda rast gəlinmir.
13. Saytın texniki imkanları yaxşıdır ancaq abunə və əks əlaqə üçün onlayn yazışma forması yoxdur.