Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az ünvanlı İnternet saytı tərtibat, istifadə rahatlığı, funksionallıq və bir sıra bölmələrinin dolğunluğu baxımından yetərincə yüksək səviyyədə qurulub.
Saytda özəlliklə də rəhbərliyə daxil olan şəxslərin hər birinin bioqrafiyası ayrıntılı şəkildə təqdim edilib.
Abunə və onlayn yazışma imkanı da təklif edilən saytda, nə qədər təəccüblü olsa da, qurumun yerləşdiyi ünvan haqqında bilgi verilmir. Bununla belə quruma daxil olan struktur bölmələrinin ünvanları ayrıntılı şəkildə təqdim edilib.
Bir sıra bölmələr üzrə bilgilərin olmaması da diqqətdən qaçmır. Örnək üçün, şəffaflıq baxımından çox gərəkli olan büdcə, tender, əmək haqqı bilgiləri verilməyib.
Ümumilikdə isə sayt aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, onun indiki rəhbəri və qanunverici bazası haqqında bilgilər tamdır. Çatışmayan quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgidir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun telefon və faks nömrələri, e-poçt ünvanları tam şəkildə təqdim edilir. Lakin qurumun ünvanı, müvafiq olaraq onun marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilməyib.
3. Qurumun strukturu barədə yalnız qurumun strukturunun ümumi sxemi təqdim edilməyib. Digər göstəricilər (qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri) barədə isə bütün bilgilər tamdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından bilgilər tamdır. Burada rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar yer almışdır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid bilgilər və hər cür cari informasiyalar, həmçinin qurumun icra etdiyi proqram və layihələr haqqında bilgilər tamdır. Ancaq qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilər yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgi verilmir. Burada nə qurumun büdcəsi və onun icrası haqqında məlumat, nə də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar var.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilər əks etdirilmir. Burada ancaq onlayn müraciət forması var.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər yetərlidir. Çatışmayan yalnız işə qəbulla bağlı komissiyalar haqqında bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər yoxdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilməsə də qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları öz əksini tapmışdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgiyə rast gəlinmir.
12. Daha bir təqdim edilməyən bilgilər qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar barədə qurumun İnternet resurslarının texniki göstəricilərinin uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı və sayt daxilində axtarışlar barədə bilgilər tamdır.