Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) www.ombudsman.gov.az ünvanlı İnternet saytı, elə də zəngin resurs təsiri bağışlamır. Çünki saytda bir sıra bölmələr üzrə heç bir bilgi verilməzkən, bəzi bölmələr üzrə verilən bilgilər də tam və dolğun deyil.
Saytın funksionallığı normal sayıla bilər. İstifadə rahatlığı da həmçinin. Lakin saytda demək olar ki, heç bir e-xidmətin olmaması nəzərdən qaçmır.
Şəffaflıq baxımından çox gərəkli olan büdcə, əmək haqqı və tenderlər barədə heç bir bilgi yoxdur. təbii ki, Ombudsman aparatı üçün bu heç də yaxşı hal sayıla bilməz.
Ümumi rəyimiz bundan ibarətdir ki, bu resurs hələ minimal tələblərə belə cavab vermir. Saytın ümumi görüntüsü aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqında bilgilər tamdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları barədə bilgilər yetərli qədərdir. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər var. Lakin qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiya verilir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgiyə rast gəlinmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə təqdim edilmiş bilgilər tamdır. Burada yalnız elektron formada təklif olunan xidmətlər çatışmır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi təqdim edilsə də dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgi saytda yer almışdır. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təəssüf ki, heç bir bilgiyə rast gəlinmir.
12. Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Saytın texniki imkanları yetərlidir. Yalnız abunə imkanı çatışmır.