Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin www.azal.az ünvanlı İnternet saytı, özəlliklə e-xidmət üzrə bilgilər baxımından mükəmməl qurulub. Təbii ki, söhbət burada e-bilet satışından gedir. Eyni zamanda sayt bu cür bilgilər baxımından funksional və istifadəsi rahat şəkildə qurulub. Ancaq onu da qeyd etməliyik ki, bu resursda qurumun özü haqqında verilməsi gərəkli bilgilərin demək olar ki, əksəriyyəti gözə dəymir. Özəlliklə də tender, büdcə, əmək haqları barədə bilgilərin yoxluğu diqqətdən qaçmır. Ən qəribəsi isə odur ki, resursda qurumun baş ofisinin ünvanı və əlaqə vasitələri haqqında bilgi yoxdur. Üstəlik, əsas rəhbərin və başqa vəzifəli şəxslərin bioqrafik bilgiləri verilməyib.
Ümumilikdə isə, saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı yalnız qurumun tarixi barədə bilgilər verilir. Qurumun rəhbərləri və kollegiya, qanunverici baza haqqında bilgilər isə verilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi əlaqə vasitələri (ünvan, telefon, faks, e-poşt ünvanı) barədə təəssüf ki, heç bir bilgi verilmir.
3. Qurumun strukturu haqında struktur bölmələrinin ünvanları və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər əks etdirilir. Ancaq qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında isə bilgi verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumla ümumi əlaqə üçün zəif də olsa bilgi verilir. Lakin əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında heç bir bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında quruma aid olan informasiya, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi verilir. Mətbuat üçün açıqlamalar, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) haqqında isə heç nə deyilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də bilgilər təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, xidmətlərdən istifadə qaydaları barədə bilgilər tam şəkildə təqdim edilir. Onlayn müraciət imkanı və qaynar xətt nömrəsi isə yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər saytda yer almayıb.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgi verilib. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi; dövlət qurumunda vətəndaşların qəbul qaydaları; dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər saytda əks etdirilməyib.
12. Daha bir təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərdir.
13. Saytın texniki imkanları yüksəkdir. Burada yalnız əks əlaqə üçün onlayn forma çatışmır, qalan göstəricilər uyğun səviyyədədir.