Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti www.neftchala-ih.gov.az domen adlı İnternet resursu normal dəyərləndirilir. Burasa saytda texniki baxımdan ən çox narahatlıq törədən hansısa bir məlumatı əldə etmək üçün bir neçə dəfə klikləmək lazım gəlir. Yəni saytın istifadə rahatlığı aşağı səviyyədədir. Lakin bunlara baxmayaraq texniki imkanlardan istifadə edərək bu problemləri həll etmək və sayta nəzarəti gücləndirməklə məlumat azlığını aradan qaldırmaq mümkündür. Bunun üçün hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqında bilgilərin təqdim edilməsi zəruridir. Qurum haqqında qurumun daha öncəki rəhbərləri və qurumun əsasnaməsi barədə bilgilərin verilməsi isə tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından qurumun ünvanının, faks nömrəsi, e-poçt ünvanı və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin verilməsi gərəklidir.
3. Qurumun strukturu barədə ilk növbədə strukturun sxeminin verilməsi və bu bilgilərlə yanaşı struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilərin verilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanını əks etdirilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti barədə bilgilərin daha çevik və günümüzə uyğun olması lazımdır. Həmçinin rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin də təqdim edilməsi gərəklidir.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər əks etdirilsin.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
8. Yaxşı olardı ki, boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər saytda yer alsın.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tenderlərlə bağlı yaradılmış bölmənin tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar ilə doldurulması tövsiyə olunur.
12. Saytın texniki imkanlarından istifadə edərək istifadə rahatlığının təmin edilməsi və abunə imkanının əlavə edilməsi tövsiyə olunur.