Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az domen adlı İnternet resursu istifadə rahatlığı və bəzi bilgilər baxımından yüksək dəyərləndirilir. Ancaq bu bilgilər saytın mükəmməl olduğunu demək üçün yetərli sayılmır. Elə ona görə də saytın mükəmməl hala gətirilməsi üçün hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqında yetərli bilgilər o qədər mükəmməl şəkildə əks etdirilir ki, hansısa bir tövsiyəyə təbii ki, gərək qalmır. Lakin qurum haqqında qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə və qurumun öncəki rəhbərləri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması baxımından qurumun yerləşdiyi ünvanın sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
3. Qurumun strukturu barədə verilmiş bilgilər sırasına struktur haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə isə yaxşı olardı ki, rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı təqdim edilsin.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha çevik hala gətirilməsi və rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
8. Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilər sırasına həmçinin qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi yaxşı olardı.
12. Saytın texniki imkanları yaxşıdır. Bu imkanlar sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.