Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti www.nasimi-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi elə də zəngin bir resurs deyil. Burada zəngin olan ancaq rayon ərazisində yerləşmiş müəssisə, idarə və s. haqqında bilgilərdir. Saytda təqdim edilməmiş və informasiya açıqlığı haqqında qanuna əsasən təqdim edilməli gərəkli olan bilgilərin əks etdirilməsi vacibdir. Bunun üçün də saytın mükəmməl hala gətirilməsi üçün hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqında yetərli bilgilər o qədər mükəmməl şəkildə əks etdirilir ki, hansısa bir tövsiyəyə təbii ki, gərək qalmır. Lakin qurum haqqında qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə və qurumun öncəki rəhbərləri haqqında bilgilərin təqdim edilməsi və rəhbər haqqında verilmiş iki cümləlik informasiyanın ətraflı hala gətirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları, qurumun yerləşdiyi ünvanın sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əks etdirilməsi vacibdir.
3. Qurumun strukturu haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə təqdim edilmiş bilgilərin dolğunlaşdırılması, qurum ilə əks əlaqə üçün ümumi imkanlar, rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə isə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların oxunur və operativ hala gətirilməsi, rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
8. Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin dolğunlaşdırılması və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi yaxşı olardı.
12. Saytın texniki imkanlarından istifadə edərək resursu zənginləşdirilməsi və verilmiş imkanlar daxilinə abunə imkanının da daxil edilməsi yaxşı olardı.