Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, bir sıra bölmələrin göstəriciləri üzrə dolğun bilgi versə də, əsas və daha gərəkli bölmələr üzrə heç bir bilgi verməməsi baxımından da diqqət çəkir.
Saytın texniki imkanları yaxşı dəyərləndirildiyi üçün düşünürük ki, onun təkmilləşdirilmə imkanları yetərincədir. Buna görə də hesab edirik ki, aşağıda bəzi tövsiyələrimizi nəzərə çatdırmaqla qurumun bu resursunun təkmilləşdirilməsinə töhfə vermiş olardıq. Beləliklə, saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimiz:
1. Qurum ilə bağlı yeganə çatışmayan bilgi qurumun daha öncəki rəhbərləri haqqında olan məlumatlardır ki, təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün yaxşı olardı ki, ümumi imkanlar sırasına qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər də daxil edilsin.
3. Qurumun strukturu barədə isə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilərin əks etdirilməsi zəruridir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının təqdim edilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların operativ təqdim edilməsi, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin verilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş bilgilər sırasına onlayn müraciət imkanı, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və qaynar xətt nömrəsinin əlavə edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin əks etdirilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları barədə bilgilərin saytda yer alması gərəklidir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərə də eyni tövsiyə şamil edilir.
13. Saytın texniki imkanları yaxşıdır sadəcə olaraq buraya abunə və onlayn müraciət imkanın əlavə edilməsi yaxşı olardı.