Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az ünvanlı İnternet saytı, ilk baxışdan zəngin resurs təsiri bağışlasa da ziyarət edildiyində gərəkli göstəricilər üzrə bilgilərinin yoxluğu özünü göstərir. Əsas bölmələr və göstəricilər üzrə demək olar ki, heç bir bilgi yoxdur.
Saytın texniki imkanları və funksionallığı öz yerindədir. Ancaq e-xidmət və ya adi abunə və onlayn yazışma formaları verilməyib.
Sayt haqqında geniş icmal yazmaq üçün imkan da yoxdur. Qeyd etdiyimiz kimi, bu resurs nəinki yetərincə, ümumiyyətlə minimal həddə belə bilgilərə sahib deyil.
Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumu ilə bağlı qurumun tarixi və hazırkı rəhbəri haqqında bilgi verilsə də qanunverici bazası haqqında heç bir məlumat verilmir.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, bütün e-poçt ünvanları barədə verilmiş bilgilər yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilgi yoxdur.
3. Qurumun strukturu barədə yalnız qurumun alt bölmələri və regional strukturu haqqında bilgi olduğunu deyə bilərik, Digər məlumatlar isə (qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri) saytda yer almamışdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında qurumun rəhbərinin bioqrafiyası və ümumilikdə qurumla əlaqə imkanları zəif də olsa təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında isə bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgi verilmir. Yalnız quruma aid olan informasiya saytda yer almışdır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız qurumun təklif etməli olduğu mütləq xidmətlər barədə bilgilər verilir. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları barədə heç bir bilgi verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da hər hansı bilgiyə rast gəlinmir.
9. Daha bir təqdim edilməyən bilgilər sahə işçilərinin əmək haqları barədədir.
10. Təəssüflər olsun ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgi verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.
12. Bilgi verilməyən daha bir bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bölmədir.
13. Saytın texniki imkanları yaxşıdır. Ancaq abunə və onlayn müraciət forması çatışmır.