Azərbaycan Respublikası Nizami Rayon İcra Hakimiyyəti www.nizami-ih.gov.az domen adlı İnternet resursunu elə də zəngin bir resurs adlandırmaq olmaz. Doğrudur burada əlaqə vasitələri baxımından bilgilər digər bilgilərə nəzərən normal təqdim edilir. Ancaq dövlət büdcəsinin quruma aid hissə, tenderlərin keçirilməsi, qurumda işə qəbulla bağlı bilgilər vacib olduğu halda saytda yerləşdirilməmişdir. Hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqında bilgilər sırasına rayonun tarixi barədə məlumatların da daxil edilməsi tövsiyə olunur. Qurum haqqında isə yaxşı olardı ki, qurumun öncəki rəhbərləri haqqında bilgilər və qurumun əsasnamə əks etdirilsin.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlarla yanaşı həmçinin qurumun yerləşdiyi ünvanın sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin də əks etdirilməsi yaxşı olardı.
3. Qurumun strukturu haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə təqdim edilmiş bilgilər sırasına qurum ilə əks əlaqə üçün ümumi imkanlar, rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə məlumatların da daxil edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyaların operativ hala gətirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
8. Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin dolğunlaşdırılması və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanları sırasına həmçinin abunə və onlayn müraciət imkanını daxil edilməsi tövsiyə olunur.