Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı, belə demək mümkünsə, heç ciddi bir yarışma havasına da girə biləcək təsiri bağışlamır. Bir sıra bölmələr üzrə heç bir bilginin olmaması bir yana, olan bilgilər də yetərli sayıla bilməz. Üstəlik saytın texniki imkanları da ürəkaçan deyil. Düzdür, ayrıca bölmədə e-xidmətlər təqdim edilir. Ancaq bu heç də o demək deyil ki, saytın imkanları yüksək dəyərləndirilə bilər. Ən adi bilgilərin olmaması dərhal nəzərə çarpır. Adi mətbuat üçün açıqlamalar və ya xəbərlərin belə peşəkarlıqdan uzaq təqdim edilməsini xüsusi qeyd etmək lazımdır. Örnək üçün, saytdakı xəbərlərin hansı tarixə aid olduğunu müəyyən edə bilmədik. Ümumiyyətlə isə, saytdakı durum aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında informasiyalar təqdim edilsə də qurumun indiki rəhbərinin adı qeyd edilir ancaq rəhbərlər haqqında heç bir bilgi verilmir.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edildiyi halda qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər əks etdirilir. Ancaq qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə əks əlaqə imkanları yaxşı olsa da heç bir rəhbər işçi haqqında bioqrafik bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar tam sayıla bilməz. Həmçinin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər də təqdim edilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və onlayn müraciət imkanı barədə bilgi verilsə də qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsi verilmir. Və xidmətlərdən istifadə qaydaları barədə olan bilgilər də yetərli sayıla bilməz.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgi verilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir bilgi təqdim edilmir.
12. Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Saytın texniki imkanları heç də gərəkli səviyyədə sayıla bilməz. Və abunə imkanı təqdim edilmir.