Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimizi kimi, yeni qurulub. Daha doğrusu, yenidən istifadəyə verilib və görünən odur ki, bir çox bölmələr üzrə bilgi çatışmazlığı var. Həm də çox ciddi və gərəkli bölmələr üzrə. Bununla belə, saytın təkmilləşdirilməsi üçün imkanlar da qalmaqdadır. Ona görə də qərara gəldik ki, hazırda quraşdırılma və tamamlanma işləri başa çatmamış saytla bağlı fikirlərimizi və müşahidələrimizi paylaşaq. Əlavə olaraq isə öz tövsiyələrimizi təqdim edək. Beləliklə, aşağıda bu yöndə tövsiyələrimizi qeyd edirik:
1. Qurum ilə bağlı informasiyalar sırasına qurumun rəhbərləri haqqında geniş bilginin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün təqdim edilmiş imkanlar sırasına qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyatlar barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə isə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgi verilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məluma, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların verilməsi də tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin saytda yerləşdirilməsi yaxşı olardı
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin də əks etdirilməsinə ehtiyac var.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilər sırasına vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin də daxil edilməsi gərəklidir.
11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarının təqdim edilməsidir.
12. Daha bir tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlıdır. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqındakı bilgilərin verilməsi tövsiyə olunur.
13. Saytın texniki imkanları sırasına abunə imkanın ad əlavə edilməsi tövsiyə olunur.